Ana və uşaqlarının ölümü ilə bağlı cinayət işi başlandı

GÜNDƏM
15:20
9 Mart 2021
101

Gəncə şəhər prokurorluğu ötən gün dəm qazından boğulan ana və övladları ilə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, məlumatda deyilir:

“Martın 8-də saat 9 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində 3 nəfər şəxsin meyitinin yaşadıqları evdə aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, 1987-ci il təvəllüdlü Məmmədova Leyla Yunis qızı 2 uşağı ilə birlikdə yaşadıqları mənzildə dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Leyla Məmmədova Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi olub.

Xəbər lenti