Şəhid məzarlarının çələnglərinin sökülməsi ilə bağlı açıqlama - Video

ÖLKƏ
12:59
5 Mart 2021
76

Sosial şəbəkələrdə Gəncə şəhərinin Şəhidlər Xiyabanında şəhid məzarları üzərində olan gül çələngləri, bayraq və bəzəklərin sökülməsiylə bağlı görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, kiçik bayraq və gül çələngləri yaxınlıqdakı zibil qutusuna atılıb. Şəhidlərin yaxınları bu vəziyyətə narazılıq edib, bu addımın onlardan xəbərsiz atıldığını bildiriblər.

Sabah.az “Qafqazinfo”ya istinadən bildirir ki, məsələ ilə bağlı Nizami Rayon Bələdiyyəsinin sədri Qoşqar Məmmədovla əlaqə saxlanılıb. O, məzarlardan qurumuş gül çələnglərinin yeniləri ilə əvəzlənməsi üçün uzaqlaşdırıldığını bildirib:

“Qəbiristanlığın işçiləri tərəfindən bir neçə gündür ki, məzarlar qurumuş çələnglərdən təmizlənir. Çünki çələnglər quruyub, külək də onları aşırıb ora-bura atır. Bu gün də qara bayram olduğuna görə bələdiyyə tərəfindən bütün məzarların üstü təmizlənib. Biz gül mağazaları ilə danışmışıq, hamısını bəzəyəcəyik. İki gündür orada iş gedir”.

Bayraqların zibilliyə atılması ilə bağlı sualımıza gəlincə isə, Q. Məmmədov bildirib ki, yerə atılanlar qurumuş çələnglərin üzərində olan bayraq şəkilli lentlərdir.

Bələdiyyə sədrinin sözlərinə görə, əslində onlar yerə atılmayıb, sadəcə bir yerə toplanıb və maşın gələndən sonra götürüləcək.

Xəbər lenti