Bəzi generallar Paşinyanın istefası tələbinə qoşulmayıb
Ermənistan ordusunun bir sıra yüksək rütbəli generalları Silahlı Qüvvələrin Baş Qərargahının Nikol Paşinyanın istefasını tələb edən bəyanatını imzalamayıblar.
Sabah.az “Armlur.am”a istinadən xəbər verir ki, 4 yüksək rütbəli zabitin Baş Qərargahın bəyanatına qoşulmayıb. Onlar Silahlı Qüvvələrin döyüş hazırlığı şöbəsinin rəisi, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-leytenant Andranik Makaryan, Silahlı Qüvvələrin Baş Kəşfiyyat İdarəsinin rəisi general-mayor Arakele Martikyan, Silahlı Qüvvələrin Silahlandırma Müdirliyinin rəisi general-mayor Poqos Poqosyan və Silahlı Qüvvələrin Baş Qərargahının Hərbi Rabitə İdarəsinin rəisi polkovnik Artur Çatyandır.
Nəşr bildirib ki, sözügedən generallar hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədirlər və cinayət məsuliyyətində ittiham olunmaqdan qorxurlar. Xüsusilə, hazırda davam edən cinayət işlərindən biri Andranik Makaryanın və onun şöbəsinin 44 günlük müharibə dövründəki fəaliyyətləri ilə əlaqəlidir. Onun sırf bu səbəbdən bəyanata imza atmadığı ehtimal olunur.
Poqos Poqosyana gəldikdə isə vəziyyət fərqlidir. Qəzetin yazdığına görə, Poqosyan, məşhur iş adamı, silah satıcısı David Qalstyan tərəfindən təmin olunan qeyri-kafi sursatı qəbul edən Müdafiə Nazirliyi komissiyasının üzvü olub.
Silahlanma şöbəsi rəhbərinin Qalstyanın işi ilə bağlı gedən prosesi nəzərə alaraq hakimiyyətə qarşı getməkdən qorxduğu iddia olunur.
Silahlı Qüvvələrin əsas kəşfiyyat idarəsinin rəisi Arakel Martikyanın isə müharibə dövründə bəzi fəaliyyətlər barədə səhv məlumat verdiyi bildiirlib. Onun da bu səbəbdən bəyanata qoşulmadığı güman edilir.
Silahlı Qüvvələrin Baş Qərargahının hərbi rabitə şöbəsinin rəisi Artur Çatyanın isə həmin gün qərargahda olmadığı üçün bəyanatı imzalamadığı bildirilib.
Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezident Armen Sarkisyana göndərib.
Sarkisyan isə öz konstitusiya səlahiyyətləri çərçivəsində Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı hökumət rəhbərinə geri qaytarıb.
Daha çox