Xocalı soyqırımından 29 il ötür

ÖLKƏ
09:13
26 Fevral 2021
42

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 29 ili tamam olur.

Sabah.az xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər.

Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Xəbər lenti