Özünü vəzifəli şəxs kimi təqdim edib 40 min yığdı

ÖLKƏ
15:27
25 Fevral 2021
31

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Babayev Zaur Xudabaxış oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında aparılan araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Sabah.az xəbər verir ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Zaur Babayevin özünü dövlət orqanının vəzifəli şəxsi kimi təqdim edərək ayrı-ayrı vaxtlarda cəzaçəkmə müəssisəsində saxlanılan təqsirləndirilən şəxsin cəzasının azaldılmasına, mənzilin özəlləşdirilməsinə və pensiya təyin edilməsinə köməklik göstərilməsinə dair yalan vədlər verərək guya səlahiyyətli vəzifəli şəxslərə verilməsi adı altında müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul vəsaitini alaraq dələduzluq etməsinə və vətəndaşları vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

25 fevral 2021-ci il tarixdə Zaur Babayevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti