Bakıda dəm qazından ölən 5 nəfərdən ikisi AzTU-nun tələbəsi imiş

HADİSƏ
11:44
24 Fevral 2021
181

Bakıda fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən ikisi - Allahverdiyev Şikar İdris oğlu və Əliyev Lətif Rəşad oğlu Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi olub.

Sabah.az-ın məlumatına görə, bunu Universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib. O qeyd edib ki, vəfat edən tələbələrdən Ş.Allahverdiyev Energetika və avtomatika fakültəsinin II kurs əlaçı magistrantı, R.Əliyev isə İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin I kurs tələbəsi olub.

Bildirilib ki, Şikar Allahverdiyev ali təhsilin bakalavriat səviyyəsini də AzTU-da fərqlənmə ilə bitirib. Lətif Əliyev də universitetin nizam-intizamlı tələbələrindən olub, dərslərini yaxşı oxuyub. O, sonuncu dəfə ötən gün onlayn dərslərdə iştirak edib.

Qeyd edək ki, fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən evlərdən birində 5 nəfər dəm qazından boğulub.

Baş Prokurorluğun məlumatına görə, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri sözügedən fərdi yaşayış evində aşkar olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti