“Sədərək”də fəhlə faciəvi şəkildə öldü
Fevralın 20-də saat 14 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabah.az xəbər verir ki, Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Sədərək TM-də ikimərtəbəli mağazanın ikinci mərtəbəsində qaynaq işləri aparan zaman 1964-cü il təvəllüdlü Qayim Burcəliyev üzərində dayandığı dəmir pilləkəndən aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Daha çox