Prezidentdən Şəmkirlə bağlı iki sərəncam
Prezident İlham Əliyev martın 3-də “Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli (18 km)–Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sabah.az xəbər verir ki, iyirmi iki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Zəyəm–Düyərli (18 km)–Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 7,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Dövlət başçısının digər sərəncamı ilə Şəmkir rayonunun əhalisi 75563 nəfər olan 15 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,26 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Daha çox