Şəhid qardaşlar haqda film çəkildi - Video

ÖLKƏ
12:51
5 Fevral 2021
288

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Gənclər Fondunun dəstəyi ilə ərsəyə gətirdiyi "İki şəhid qardaşın qəhrəmanlıq dastanı” adlı sənədli filmi təqdim edib.

Sabah.az xəbər verir ki, bu barədə təşkilatın sədri Səbuhi Abbasov bildirib:

"Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq son 3 ildə Gənclər Fondunun dəstəyi ilə 3 film ərsəyə gətirmişik. Filmlərin hər biri Qarabağ mövzusunda olub. Bundan öncə Mingəçevirdən olan, aprel döyüşlərində şəhid olmuş tank komandiri Rahim Tağıyev barədə film çəkmişdik. Bu dəfə isə Vətən müharibəsində şəhid olmuş iki qardaşa film həsr etmişik. Mingəçevir şəhərindən olan şəhid qardaşlar ön cəbhədə savaşaraq bir gün fərqlə şəhidlik zirvəsinə ucalıblar. Əhmədov Əli İlqar oğlu və Əhmədov İslam İlqar oğlu düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv ediblər. Yaralı olmalarına baxmayaraq döyüşə davam ediblər və son nəfəslərinə qədər düşmənə qan uddurublar”.

S.Abbasov qeyd edib ki, filmdə şəhid qardaşların anası, yaxın qohumları və dostları çıxış ediblər: “Şəhid qardaşların anası Sevinc xanımın yeganə istəyi odur ki, övladlarının adı "Əli-İslam” formasında Mingəçevirdəki 20 və ya 18 saylı məktəbə verilsin. Ümid edirəm, aidiyyatı qurumlar ürəyi parçalanan ananın bu istəyini reallığa çevirməyi bacaracaqlar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Göstərdikləri dəstəyə görə Gənclər Fonduna təşəkkürümü bildirir və hər kəsi filmi izləməyə dəvət edirəm”.

Xəbər lenti