“Sədərəy”i su basdı, hasarlar aşdı - Əlverişsiz havanın fəsadları+Video

ÖLKƏ
22:26
2 Mart 2020
96

Ötən gecədən davam edən güclü küləklə yağış Bakı və Abşeronda bir sıra fəsadlar törədib.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, belə hadisələrdən biri paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən bağ evləri adlanan ərazidə qeydə alınıb.

Sakinlərin sözlərinə görə, ötən gecə güclü külək istifadəsiz qalan hündür dəmir borunu yerindən tərpədib. Borunun aşmasının qarşısını isə ağac alıb. Sakinlər deyirlər ki, evlərin bir addımlığında yerləşən bu dəmir boru uzun müddətdir istifadəsiz qalıb.

Təhlükəli vəziyyəti nəzərə alaraq hadisə yerinə gələn Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları aşmış borunu ərazidən uzaqlaşdırıblar.

Güclü küləyin təsirindən Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən evlərdən birinin hasarı diametri 15 və 20 mm olan qaz borusunun üzərinə aşıb.

Abşeron rayonu Saray qəsəbəsində isə aşan daş hasar 57 mm diametrində olan qaz xəttini və bir ədəd qaz sayğacını yararsız hala salıb. Nəticədə 70 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb. Hər iki yerdə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları bərpa işlərinə başlayıb.

Gecədən başlayan yağış səbəbindən paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ''Sədərək'' ticarət mərkəzinin bəzi ərazilərini də su basıb. Sahibkarların verdikləri məlumata görə, bəzi mağazalar suyun içində qalıb. Ticarət mərkəzinə gedən yolların su basması isə alış-verişə getmək istəyən vətəndaşlara problem yaradıb.

Xəbər lenti