“Şuşanı satdılar, alınmaz qalanı düşmənə təslim etdilər”

ÖLKƏ
15:50
15 Yanvar 2021
56

“Ulu Öndər sovet dövründə də milli ruhun yüksək səviyyədə olması üçün çox böyük işlər görürdü. Bu məqbərənin açılışı tarixi hadisə idi”.

Sabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsinin olduğu yerdə çıxış edərkən deyib.
 
Dövlət başçısı bildirib ki, o günü çox yaxşı xatırlayır:

“Mən təxminən orada, kənarda durmuşdum, burada atam və görkəmli mədəniyyət xadimləri. Yadımdadır, Azərbaycan və erməni şairləri şeirlər deyirdilər. Hətta erməni şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Bu, bir dostluq bayramı, dostluq tədbiri idi və heç kimin ağlına gələ bilməzdi ki, bir neçə ildən sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana qarşı təcavüz edəcək, bizim tarixi şəhərimizi əlimizdən alacaqlar, tarixi abidələrimizi, məscidlərimizi, bu məqbərəni bu günə salacaqlar, Azərbaycan xalqının çoxəsrlik irsini Qarabağ diyarından silməyə çalışacaqlar. Heç kimin ağlına gələ bilməzdi. Mən dəfələrlə demişəm və bir daha deyirəm, əgər Heydər Əliyev 1982-ci ildə Bakıdan Moskvaya getməsəydi, əgər onu Moskvaya təyin etməsəydilər, heç vaxt imkan verməzdi ki, burada separatizm baş qaldırsın, heç vaxt. Ancaq Heydər Əliyev hakimiyyətə gələndə artıq Şuşa işğal altında idi, Kəlbəcər işğal altında idi, Laçın işğal altında idi, Daşaltı işğal altında idi, bütün ətraf bölgələr işğal altında idi və Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmışdı.

Xalq Cəbhəsi-Müsavat hakimiyyəti bunun günahkarıdır. Onlar bu xəyanəti törətdilər, ondan sonra da qorxaqcasına qaçıb gizləndilər, fərarilik etdilər, Şuşanı satdılar. Şuşa kimi alınmaz qalanı düşmənə təslim etdilər ki, Azərbaycandakı o vaxtkı hakimiyyəti yıxsınlar və hakimiyyətə gəlsinlər. Belə də oldu. Şuşanın əldən getməsi o vaxtkı hakimiyyətin süqutuna gətirib çıxardı. Xalq Cəbhəsi bundan istifadə edib Şuşa əldən gedəndən sonra və Laçın düşmənə təhvil veriləndən sonra hakimiyyətə gəldi. Hər kəs bu tarixi görə bilər, bu, yaxın tarixdir. Xalq Cəbhəsi-Müsavat ancaq hakimiyyətə gəlmək üçün xəyanət, satqınlıq, cinayət törədib. Sonra nə edib? Sonra da Azərbaycanda talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb. Xalq Cəbhəsi-Müsavat satqınları xalqımızı dünyanın gözü qarşısında rəzil etmişlər, biabır etmişlər. Ermənistan kim idi ki, biz onlara məğlub olaq? Kim idi? Xalq Cəbhəsi-Müsavat, antimilli ünsürlər Şuşanı düşmənə verdilər, özləri də qaçıb gizləndilər”.

Xəbər lenti