Müharibədən qayıdıb itkin düşən gəncin meyiti tapıldı

GÜNDƏM
12:45
12 Yanvar 2021
134

Vətən Müharibəsində sürücü kimi iştirak edən və tərxis edildiyi gün, dekabrın 31-də itkin düşən Kamal Süleymanovun meyiti tapılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, K.Süleymanov yanvarın 11-də günorta saatlarında Abşeron rayonunda yerləşən evlərdən birində dəm qazından boğulub.

Onunla birlikdə həmin evdə olan 23 yaşlı Günel Tağıyevanın və onun 1 yaşı tamam olmamış övladı da boğularaq ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, 25 yaşlı K.Süleymanov müharibənin ilk günündən səfərbərliyə çağırılaraq Füzuli uğrunda döyüşlərdə iştirak edib. Daha sonra isə onları Abşeron rayonunda yerləşən hərbi hissəyə gətiriblər. Ailə üzvləri həmin vaxt hərbi hissəyə gedərək Kamalla görüşüblər.

Dekabrın 31-i isə ailənin digər üzvləri ilə danışaraq evə gəlib anasına sürpriz edəcəyini deyib. Buna görə də onu qarşılamağa getməyiblər. Əsgər yoldaşları da onun tərxis olunaraq hərbi hissəni tərk etdiyini təsdiqləyiblər. Həmin gün Kamalın üzərində olan mobil nömrəyə zəng edəndə bir neçə dəfə zəng çalsa da, cavab verən olmayıb, daha sonra isə telefonuna zəng çatmayıb.

K.Süleymanov ailənin müraciəti əsasında itkin kimi axtarışda olub.

Xəbər lenti