Vətən müharibəsində şəhid olan "müəllim" ləqəbli kəşfiyyatçı - Video

GÜNDƏM
16:11
7 Yanvar 2021
224

44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərdən biri də İmran Məmmədlidir. “Müəllim” ləqəbi ilə tanınan kəşfiyyatçımız son gülləsinə qədər vuruşaraq düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. O, ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Sabah.az xəbər verir ki, AzTV-nin əməkdaşları Məmmədlilər ailəsində qonaq olub. Valideynləri bildirib ki, İmran Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl  rayonlarının işğaldan azad olunmasında iştirak edib. Ali təhsilli idman müəllimi olduğundan yoldaşları onu “müəllim” deyə çağırıblar.

Hərbi xidmətə yollanan igidimiz daha sonra müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyətini davam etdirib. Müqaviləsi bitdikdən sonra bir müddət uşaqlara məktəbdə hərbi təlim keçib.

Şəhidin atası Cahangir Məmmədov oğlunun nəinki Vətən müharibəsində, hətta Aprel döyüşlərində də iştirak etdiyini deyib:

“O arxayın idi ki, biz zəfər çalacağıq. Bizə son zəngində demişdi ki, yaxın günlərdə zəfər çalacağıq. Ondan narahat qalmamağımızı istəmişdi”.

Kəşfiyyatçı oktyabrın 25-də Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun iki qız və iki oğlan övladı var.

Xəbər lenti