“Əsgər yoldaşı dedi ki, bu gün yaşayıramsa, Kənana borcluyam” - Fotolar+Video

ÖLKƏ
20:25
23 Dekabr 2020
333

44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid Kənan Rüstəmlidir.

Sabah.az xəbər verir ki, rejissor Nail Naiboğlu Biləsuvar rayonunun Əsgərabad kəndindən olan şəhid haqda qısa film hazırlayıb. Filmdə Kənanın valideynləri, yaxınları onunla bağlı xatirələrini bölüşüblər.

Şəhidin atası Yalçın Rüstəmlinin sözlərinə görə, Kənan kəşfiyyata könüllü, onun xəbəri olmadan yazılıb. Həmişə deyirmiş ki, alnıma nə yazılıbsa, o da olacaq. Sentyabrın 29-da oğlu ilə müharibə haqqında danışanda doluxsunub. Kənan isə ağlamaq yox, torpaqların azad edilməsinə görə sevinməli olduğunu söyləyib:

"Şəkidən olan hərbçi yoldaşı zəng vurub dedi ki, bu gün yaşamağımı Kənana borcluyam, yoxsa, mən də şəhid olardım. Özüm də subayam, oğlum olanda Kənanın adını qoyacağam”.

Qohumu Abbas müəllim isə Kənanın keçdiyi döyüş yolundan bəhs edib:

"Suqovuşanda ermənilər ərazini yenidən ələ keçirmək üçün hücum etmişdilər. Lakin onlar bunun qarşısını alıb, düşməni məhv etmişdilər. Həmin vaxt Kənanın yoldaşlarından yaralanan olub. İki nəfər yaralanıb. Birini çıxardıb. İkincini qayıdıb çıxaranda özü də şəhid olub".

Qeyd edək ki, ailənin ilk övladı olan Kənan oktyabrın 31-də dəfn edilib. Kənan bu il Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin məzunu olub. Ölümündən sonra Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Xəbər lenti