Şuşada son nəfəsinədək vuruşub şəhid olan Yalçın - Fotolar

ÖLKƏ
15:00
17 Dekabr 2020
1338

20 yaşlı Xüsusi Təyinatlı hərbçi Rəhimov Yalçın Elçin oğlu  44 günlük Vətən müharibəsində göstərdiyi igidliyi ilə öz adını Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdırdı.

Sabah.az xəbər verir ki, Rəhimov Yalçının keçdiyi həyat yolu qısa, lakin şərəfli, gələcək nəsillərimizə örnək olacaq,  vətənin tarixinə şanlı səhifələr yazmış nadir və yalnız seçilmiş insanların gedə biləcəyi bir yoldur.

Rəhimov Yalçın 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində sadə, zəhmətsevər bir ailədə dünyaya göz açıb. Ailənin üçüncü övladı - sonbeşiyi  idi. Evdə bir bacı, iki qardaş idilər. Atası Elçin kişinin, anası Dilarə  xanımın nümunəvi tərbiyəsi ilə böyümüşdü.

Orta məktəbi Nardaranda oxuyan Yalçın boş vaxtlarında çalışaraq ailəsinə çörəkpulu qazanmağa kömək edərdi. Hələ uşaqlıqdan kikboksinq, güləş və üzgüçülük ilə məşğul olurdu. Kikboksinq üzrə yarışlara qatılıb, “Fəxri Fərman”, “Diplom” və medallara layiq görülüb. Yeniyetməlik dövrünə qədəm qoyanda ən böyük arzusu peşəkar hərbçi olmaq idi.

Yalçın həyatı çox sevirdi, gülərüz, pozitiv, yaraşıqlı və istiqanlı, bütün qohum-əqrəbanın, qonşuların, dostların sevimlisi, çox  mərhəmətli, ailəcanlı, dostcanlı, qohumcanlı, mehriban bir insan idi.   O, hamıya əl tutmaqdan xüsusi zövq alar, qohum-qardaş yanında olmaqdan doymaz, yaxşılıq etməkdən yorulmazdı. İnsanlara kömək etməyi sevən Yalçın öz hərbçi maaşı ilə 2020-ci ildə Müqəddəs Qurban bayramı münasibəti ilə ehtiyacı olan beş ailəyə yardım etmişdi. Onda mərdlik, səmimiyyət, qeyrət, ləyaqət, düzgünlük, Vətəninə, bayrağına bağlılıq və əsl kişilərə məxsus digər xüsusiyyətlərin hamısı öz əksini tapmışdı.

2018-ci ilin oktyabrında Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə yollanır.  Həqiqi hərbi xidmət keçərək dövlətinə vətəndaşlıq borcunu şərəflə yerinə yetirdikdən sonra ürəyində sonsuz Vətən eşqi olan  Yalçın xidmətini Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) davam etdirir.

Müdafiə Nazirliyinin tabeliyində olan və qərargahın nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət nümayiş etdirmək lazımdır. Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olunmaq özü bir qəhrəmanlıqdır. XTQ-yə seçim ciddi tələblərlə həyata keçirilir. Məlumatlara görə, bura gələn 500 nəfərdən kurs sonrası yalnız 30 nəfəri "Qırmızı beret"in sertifikatın ala bilir. Bu kurslarda iştirak etmiş şəxslərə xüsusi əməliyyat keçirmək üçün ekstremal şəraitlərə dözmək, günlərlə ac və susuz qalmaq, müxtəlif silahların istifadə qaydası, bombaların hazırlanması, hər hansı ağrıya dözmək, müxtəlif heyvanların ətini (qurbağa, ilan) yemək öyrədilir.

 

Yalçın xidməti dövründə bir çox kurslarda və təlimlərdə iştirak edib, dəfələrlə “Fəxri Fərmanlara”, sertifaktlara layiq görülüb. Bütün yarışlarda, əməliyyatlarda hər zaman birinci idi. O, cəsur, fədakar, cəldliyi, çevikliyi ilə seçilən bir hərbçi olub. 

Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə atılan qəhrəmanımız  müharibənin ən qızğın döyüşlərində iştirak edib, düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını şəxsən məhv edib.

Qarabağ müharibəsinin ən həlledici nöqtələrindən olan Şuşanın işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşdə Yalçın özü yaralansa da, yaralı cəbhə yoldaşlarını döyüş meydanından çıxarıb, ölümün gözünə dik baxaraq  yenidən döyüş meydanına geri dönərkən mühasirəyə düşüb.  Düşmənə təkbaşına meydan oxuyan igid döyüşçü əlbəyaxa döyüşlərdə namərd düşmənin çox sayda canlı qüvvəsini məhv etmişdi. Erməni quldurlarına qarşı üz-üzə, təkbətək  vuruşarkən boyun nahiyəsindən aldığı bıçaq xəsarətindən qələbəyə bir gün qalmış, noyabrın 7-də döyüş meydanında şəhidlik zirvəsinə ucalıb.

Rəhimov Yalçın noyabrın 13-də Ağsu rayonunun Çaparlı kənd qəbiristanlığında dəfn edilib.

Qardaşı Rasim Rəhimov da könüllü olaraq  Vətən müharibəsinə gedib, düşmənə qarşı qəhrəmancasına döyüşüb.

Allah rəhmət eləsin!

Xəbər lenti