"Dedi ki, bayrağa bürünüb gələcəm" - İki oğlu da şəhid olan ailə

GÜNDƏM
14:05
17 Dekabr 2020
1534

Sentyabrına 27-də Vətən Müharibəsi başlayan kimi ön cəbhəyə yollanan Tural və Musa Həsənov qardaşları da şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdandır. Hər iki qardaş Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib.

Sabah.az xəbər verir ki, şəhidlərin ailəsinə qonaq olan "Xəzər xəbər" komandası igidlərin şərəfli döyüş yoluna nəzər salıb. Anası Nəhayyət Həsənova müsahibəsi zamanı əvvəl Musanın, sonra Turalın şəhid xəbərinin gəldiyini deyib:

"Noyabrın 4-də xəbər gəldi ki, Musa idarə etdiyi tankda yanaraq həlak olub. Ertəsi gün onun nəşini gətirdilər dəfn etdik. Düşünürdüm ki, digər övladım Tural sağdır. Onunla təsəlli taparam. Dekabrın 8-i isə onun şəhid olduğu xəbəri gəldi. Dedilər ki, oğlum döyüşdə həlak olub. Ümidlərim puç oldu. Balalarımdan mənə qalan 4 nəvəm oldu".

O bildirib ki, Musanın 2 qız, Turalın isə 2 oğul övladı var. 

Turalın xanımı Rəbiyyə Həsənova həyat yoldaşı ilə son görüşünü belə xatırlayır: "Evdən çıxanda gəldi görüşdü. Balalarının üzündən öpdü. Dedi ki, gedirəm. 3 rəngli bayrağa bürünüb gələcəm. Sənə şəhid yoldaşı deyəcəklər".

Musanın iki qızı, qardaşı Turalın isə iki oğul övladı var. Hər iki qardaş Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən "Vətən uğrunda" medalın layiq görülüblər.