Düşmənin 7 postunun alınmasında iştirak edən şəhid leytenant - Video
Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Zaur Hüseynov olub.
Sabah.az "Xezerxeber"ə istinadən xəbər verir ki, Z.Hüseynov 1995-ci il iyunun 24-ü Masallı rayonu, Hişgədərə kəndində dünyaya göz açıb. Ailədə iki qardaş olan Zaur 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 2014-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Hərb sənətinə yiyələnən zabit Zaur Hüseynov 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Ağcabədi rayonunda yerləşən "N"saylı hərbi hissədə hərbi xidmətə başlayıb.
Füzuli rayonu, Alxanlı kəndi istiqamətində düşmənin 7 postunun alınmasında iştirak edən leytenant Zaur Hüseynov Tovuz döyüşlərinin də iştirakçısı olub. O, döyüşdə iştirak etməyini öz ailəsindən gizli saxlayıb. Vətən müharibəsi başlayan günü də anasına zəng edərək təlimə getdiyini deyib.
Əsgərləri üçün təkcə komandir yox, həm də böyük qardaş olan leytenant Zaur Hüseynov hamı üçün mərd, cəsur, ailəsinə bağlı bir insan olub. Həyat yoldaşı Aytən Hüseynova deyir ki, torpaqlarımızın alınmasında Zaurun da əməyi olduğu üçün onunla fəxr edir. İndi Zaurdan vətənə və ailəsinə əmanət qoyduğu 1 yaşlı qız övladı yadigar qalıb.
Daha çox