7 mənzildən 60 min oğurladı - Video
Bakının Nizami rayonunda 7 mənzildən 38800 manat, 1200 dollar və 177000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsi 4 ünvanında yaşayan Bakı şəhər sakini olan bir nəfər polisə müraciət edərək bildirib ki, evindən içərisində 25000 manat, 1200 dollar və dəqiq dəyərini bilmədiyi qızıl-zinət əşyalar olan seyf oğurlanıb.
Araşdırma zamanı məlum olub ki, 1-ci mərtəbədə yerləşən mənzilə naməlum şəxs dəmir barmaqlıqları sındıraraq pəncərədən daxil olub. Son bir neçə ayda Nizami rayonunda oxşar məzmunlu, yəni binaların birinci mərtəbələrində yerləşən daha 6 mənzildən oğurluqlar edilməsi polis əməkdaşlarında bu cinayətlərin eyni şəxs və ya şəxslər tərəfindən törədildiyi qənaəti yaradıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd edilən hadisələr əvvəllər dəfələrlə məhkum olunmuş, Sabunçu rayon sakini Sadiq Həsənov tərəfindən törədilib.
Saxlanılan S.Həsənov etdiyi cinayətləri etiraf edib. Zərərçəkən şəxslər ifadələrində S.Həsənovun onların mənzillərindən ümumilikdə 38800 manat, 1200 dollar və 177000 manat dəyərində qızıl-zinət əşyaları oğurladıqlarını qeyd ediblər. Oğurlanan qızılların və pulların bir qismi saxlanılan şəxsin yaşadığı mənzildən aşkar olunaraq maddi sübut kimi götürülüb.
S.Həsənov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Daha çox