Koronavirus təhlükəsinə görə İranla sərhəddə 100 çadır quraşdırıldı

ÖLKƏ
17:47
28 Fevral 2020
50

Biləsuvar rayonunda Fövqəladə Hallar Nazirliyinin ikinci mərhələ qəbul çeşidləmə məntəqəsi fəaliyyətə başlayıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bu məqsədlə Biləsuvar gömrük-sərhəd keçid məntəqəsinin yaxınlığında 500 nəfərin yerləşdirilə biləcəyi 100 çadır quraşdırılıb.

FHN-nin Mülki Müdafiə Qoşunlarının Tibb Xidməti rəisi Elçin Əligülov bildirib ki, sərhədi keçən bütün insanların ilkin müayinə çeşidlənməsi elə gömrük buraxılış məntəqəsində təşkil olunur.

Orada aşkar olunmuş şübhəlilər müvafiq tibbi müəssisələrə göndərilir: “Digərləri isə ikinci mərhələ qəbul çeşidləmə məntəqəsində çadırlarda yerləşdirilir və müayinə prosesi 6 nəfərdən ibarət həkim briqadası tərəfindən həyata keçirilir”.

Tibb Xidməti rəisinin sözlərinə görə, məntəqədə ilkin tibbi müayinə üçün bütün imkanlar var: “Burada da virusa yoluxmuş şübhəli şəxslər aşkarlanarsa, regionda yerləşən müvafiq tibb müəssisələrinə göndəriləcək”.

E. Əligülov bildirib ki, qurulmuş şəhərcikdə sanitar-epidemioloji vəziyyətə Gigiyena və Epidemiologiya Mərkəzi, FHN-nin Muğan Regional Mərkəzi tərəfindən nəzarət olunur: “Fövqəladə Hallar Nazirliyinin 100 nəfərdən artıq şəxsi heyəti prosesə cəlb olunub. Məntəqələr su, istilik, elektriklə təchiz edilib. Məntəqələrin mətbəxi, sanitar qovşağı, hamamı var”.

Xəbər lenti