27 Sentyabr və 8 Noyabrla bağlı qanun qəbul olundu

ÖLKƏ
12:30
11 Dekabr 2020
71

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.

Sabah.az xəbər verir ki, komitə sədri Musa Quliyev bildirib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər ölkə başçısının  2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında”  və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında”  Sərəncamlarından irəli gəlib. Layihəyə əsasən Əmək Məcəlləsinin 105-ci  maddəsində nəzərdə tutulan  bayram günlərinin siyahısına 8 noyabr -Zəfər günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.

Digər bir  dəyişikliklə isə Məcəlləyə yeni - 106.1-ci  maddə əlavə  edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad  edilməsi  uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü  - “Azərbaycan Respublikasında Anım günü”dür. Həmin gün iş günü hesab edilir. 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər lenti