Vətən müharibəsində 27 jurnalist döyüşüb - 1 nəfər şəhid olub, 2-si yaralanıb

HADİSƏ
10:39
11 Dekabr 2020
179

44 günlük Vətən müharibəsinə qismən səfərbərlik və digər  proqramlar çərçivəsində cəlb edilmiş, cəbhə xəttinə göndərilmiş, döyüşlərdə iştirak etmiş  jurnalistlərin siyahısı  hazırlanıb.

Sabah.az xəbər verir ki, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, təmsil etdiyi hər iki qurum  27 sentyabr 2020-ci il tarixdən-Vətən müharibəsinin ilk günündən  başlayaraq KİV təmsilçilərinin fəaliyyəti ilə bağlı monitorinq aparıblar, prosesləri diqqətdə saxlayıblar, zərurət yaranan anda uyğun dəstək veriblər:

“KİV işçiləri 44 günlük Vətən müharibəsində, cəbhə xəttində  həm xəbər istehsalçısı qismində, həm də səfərbərlik proqramı çərçivəsində  cəlb edilmiş döyüşçü qismində iştirak ediblər. Media təmsilçilərinin fəaliyyəti hər iki istiqamətdə uğurlu olub”.

Ələsgərli bildirib ki, qeyd edilən dövrdə təqribən 27nəfər  jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb ediliblər, cəbhə xəttinə göndəriliblər. 27 nəfərin sırasından  2 nəfər  döyüşlərin gedişində yaralanıblar, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hazırda vəziyyətləri normaldır.   Monotorinqlərin nəticəsinə görə, 27 nəfərdən hər birinin xidməti qüsursuz, sağlıqları normaldır. Əlavə olaraq, döyüş bölgəsində səfərbərlik proqramından kənar xidmət keçən,  həqiqi hərbi xidmətdə olan sabiq KİV işçisi - ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid olub.

“Hərbi xidmətin  davam etdiyini, təhlükəsizlik amillərini nəzərə alaraq, səfərbərlik proqramına cəlb edilmiş, cəbhə xəttinə göndərilmiş həmkarlarımızın adlarını hələlik  açıqlamırıq. Onların geri dönüşündən sonra daha detallı informasiyalar veriləcək. Müşahidələrimiz, təmaslarımız davam edir. Şəhid olan həmkarlarımıza rəhmət, xəsarət alanlara şəfa, xidmətini davam etdirənlərə sağlıq və uğurlar diləyirik!”
 
Hazırda cəbhə bölgəsində reportyor, xəbər istehsalçısı  kimi fəaliyyət göstərən, atəşə, hücuma məruz qalan, xəsarət alan jurnalistlərlə bağlı ayrıca hesabat hazırlanır və yaxın günlərdə təqdim ediləcək.

(Fotoda: şəhid Qurbanov Davud Tariyel oğlu)

Xəbər lenti