“Təsəvvür edin, insanlar bütün dəstək əlamətlərinə həssaslıqla yanaşırlar”

XƏBƏR
15:10
9 Dekabr 2020
81

“Bir neçə gün əvvəl görüşdüyüm nümayəndə heyəti Avropa İttifaqı məkanından olan və müharibədən sonra ölkəmizə gələn ilk qonaqlar idi. Əminəm ki, bu dostluq jestinin praktiki təzahürü olacaq, çünki bu gün biz təkcə enerji sektoru deyil, həmçinin qeyri-enerji sektoru haqqında danışırıq”.

Sabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, azad edilmiş torpaqlarda böyük potensial kənd təsərrüfatı, turizm, bərpa olunan enerji mənbələri ilə bağlıdır:

“Artıq söylədiyim kimi, böyük infrastruktur layihələri də olacaq. İndi biz həmin ərazilərin bərpa və yenidənqurma planlarını hazırlayırıq. Əminəm ki, biz çox uğurla işləyəcəyik.

Həmçinin bildirmək istərdim ki, İtaliya parlamentarilərinin səfəri Azərbaycan cəmiyyətində çox yüksək dəyərləndirildi. Çünki təsəvvür edin, insanlar bütün dəstək əlamətlərini çox böyük diqqətlə izləyirlər, ona həssaslıqla yanaşırlar. Bir sözlə, bütün cəmiyyət həmin səfəri dəstəyin təzahürü kimi qəbul etdi. Həmçinin insanlar qeyd edir və mən onların rəyi ilə razıyam ki, qonşularınızdan bəziləri parlamentdə Dağlıq Qarabağın tanınması ilə bağlı müəmmalı qətnamələr qəbul edirlər. İtaliyanın millət vəkilləri Azərbaycana hörmət və ehtiramını ifadə etmək, Azərbaycan xalqının əziyyətlərini bölüşdüyünü bildirmək üçün Ağdama getdilər, Gəncəyə səfər etdilər”.

Xəbər lenti