Həbsxanada ölüm - Foto

XƏBƏR
21:26
27 Fevral 2020
132

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vaqif Qəmbərovun cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hakim Telman Hüseynovun sədrlik etdiyi iclasda cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilib.

Buna səbəb kimi təqsirləndirilən şəxsin cinayət əməlini törətdikdən sonra ölməsi əsas gətirilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Bakı Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Sabunçu rayonunda keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin dələduzluq və mənimsəmə maddələri ilə məhkum olunmuş paytaxt sakini Vaqif Qəmbərov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 1 kiloqram 30 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. V.Qəmbərov narkotik vasitənin ona məxsus olduğunu və bir neçə ay əvvəl şəxsiyyəti istintaqa məlum olmayan tanışından aldığını bildirib.

O, narkotik vasitəni əldə edəndən sonra yaşadığı Ramana qəsəbəsi ərazisində gizlədib.

V.Qəmbərova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham verilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti