“O, məni həyata qaytardı” - General Hikmət Həsənov

ÖLKƏ
16:17
25 Noyabr 2020
210

Suqovuşanda minaya düşərək şəhid olan polkovnik Babək Səmidlinin dəfnində 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov da iştirak edib.

Sabah.az xəbər verir ki, H.Həsənov şəhidin məzarı başında nitq söyləyib.

O deyib ki, Babək Səmidli haqqında danışmaq üçün ona günlərlə vaxt lazım olar: “Babək bir əsgər kimi dövlətini, millətini, bayrağını sevən, Ali Baş Komandanına sədaqətli zabit idi. Bir dost kimi ləyaqətli, gözəl bir sirdaş, yaxın bir silahdaş idi. Həm 2016-cı ilin aprel döyüşlərində, həm də bu müharibədə bizimlə çiyin-çiyinə idi. Həmişə bir söz deyərdik, biz birincisi Allah üçün, dövlət üçün, millət üçün, Ali Baş Komandanımız üçün, ləkələnmiş namusumuzu təmizləmək üçün, sındırılmış qürurumuzu yüksəltmək üçün bu savaşa giririk və bu yoldan da geri addım yoxdur. Uca Rəbbimə şükürlər olsun ki, bu zəfəri bizə nəsib etdi. Bu zəfərin sayəsində artıq biz məğlub ordu deyilik, artıq biz məğlub, qüruru ləkələnmiş bir millət deyilik. Bunların hamısı burada şəhid yatan qardaşlarımın, Babək başda olmaqla, bu savaşlarda canını, qanını dövlət və milləti üçün fəda edən qardaşlarımızın sayəsindədir. Onlar ölməyiblər, onlar Allah qatında diridirlər. Onlar daim bizim qəlbimizdə, daim Allahın ən gözəl guşəsindədirlər.

Mən Babəkin atası Mətləb əmiyə bir söz demək istəyirəm, nə xoşbəxtsən ki, belə bir oğul böyütdün və Uca Rəbbim onu ən gözəl, ən yüksək məqamına aldı. Babəkin gül balalarının gözlərindən öpürəm. Ataları kimi qürurlu, qəhrəman, bu dövlətə, bu millətə, bayrağımıza və dinimizə sədaqətlə xidmət edəcəklərinə əminən və buna inanıram. Qardaşım Babəkə də bütün ordu korpusunun adından Allah rəhmət etsin deyirik. Mən komandir olduğum müddətdə bütün savaşlara Babəklə bir yerdə girdik. Ən çətin yerlərdə, ən çətin anlarda dayağım oldu. Hətta döyüşün gedişatında elə bir məqam oldu ki, o məni həyata qaytardı, zamanında xəstəxanaya çatdırdı. Həmişə buna görə də ona “sağ ol” deyirdim”

Xəbər lenti