Ağdamdan çıxan ermənilər evləri və mağazaları yandırır - Video
Noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata əsasən ermənilər 20 noyabra qədər Ağdamı tərk etməlidir.
Sabah.az xəbər verir ki, artıq sabah Azərbaycana təhvil verilməli olan Ağdamı tərk edən ermənilər boşaltdıqları evləri və mağazaları yandırırlar.
“Sputnik Ermənistan”ın Ağdamın Boyəhmədli kəndindən yayımladığı görüntülərdə evlərin necə yandırıldığı lentə alınıb. Müsahibə verən Armen adlı şəxs evini və dükanını azərbaycanlılara qalmaması üçün yandığını bildirib.
Kəndin digər sakinləri də əllərinə keçən əşyaları özləri ilə aparır, yerdə qalanlara isə od vururlar.
Qeyd edək ki, ermənilər işğal etdikləri Kəlbəcəri də tərk edərkən evlərə, meşələrə od vurub, dükanları, elektrik yarımstansiyalarını söküb dağıdıblar.
Xatırladaq ki, üçtərəfli imzalanmış bəyanata əsasən, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu boşaltmalı olsa da bu tarix noyabrın 25-dək uzadılıb. Ermənistan Ağdam rayonunu 20 noyabr 2020-ci il tarixinədək və 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarmalıdır.
Daha çox