“Yaşayış məntəqələrinə 30 mindən artıq mərmi, 227-dən çox raket atılıb”

ÖLKƏ
18:34
13 Noyabr 2020
43

“27 sentyabrdan başlayaraq aparılan proses infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi və zərərlərin aradan qaldırılmasını özündə ehtiva edir. Vətəndaşlarımıza dəymiş ziyanın aradan qaldırılması prioritet məsələlərdəndir”.

Sabah.az xəbər verir ki, bunu Ermənistanın Azərbaycan ərazisinə vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, aprel hadisələrində də ermənilər mülki əhaliyə və mülki infrastruktura ciddi ziyanlar vurub:

“Prezident onda da vətəndaşlara baş çəkdi, onların şəraiti yaxşılaşdırıldı. Tovuz hadisələrində də eyni proses davam etdi. Dövlət başçısı hər bir halda tapşırıq verdi və vətəndaşlara dəyən ziyan aradan qaldırıldı. Biz rəqəmlərə baxanda bunu daha dəqiq görə bilərik. Ermənilər məqsədyönlü şəkildə mülki yaşayış məntəqələrinə 30 mindən artıq mərmi, 227-dən artıq raket atıb. Onların içində kasetli və ballistik raketlər olub. 1990-cı illərin əvvəlində də belə addımlar atılıb, Xocalı soyqırımında da bunu görmüşük. Ermənistanın məqsədi mülki əhalini panikaya salmaq və Azərbaycanda humanitar fəlakət yaratmaq idi. Bunlar eyni taktikanı Tovuz hadisələri və 27 sentyabrdan sonra da tətbiq etdilər. 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bəyan etmişdi ki, sərhədlər boyu yaşayan 500 min azərbaycanlı mülki əhali hədəflərindədir. Amma Prezident İlham Əliyevin komandanlığı, ordumuzun səfərbərliyi nəticəsində Ermənistanın hərbi məqsədləri puça çıxdı. Ermənistan bu dəfə cəbhə xəttindən uzaq olan Gəncə, Mingəçevir şəhərlərini, Xəzər sahilində yerləşən Xızı, Siyəzən şəhərlərini də əhatə etdi. Bu, Xocalı faciəsindən davam edən bir strategiyadır. Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanın legitim hərbi obyektlərinin sıradan çıxarılması bu siyasətin geniş formada həyata keçirilməsinin qarşısını alıb”.

Xəbər lenti