Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı Dövlət Komissiyası yaradıldı

İQTİSADİYYAT
20:13
6 Noyabr 2020
373

Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, Sərəncamda 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qətiyyətli əks-hücum əməliyyatlarına başladığı və bir neçə rayonu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad etdiyi qeyd olunur. Vurğulanır ki, Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olub. Döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki əhalini, eləcə də infrastruktur obyektlərini hədəf seçib, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədib, mülki şəxsləri vəhşicəsinə qətlə yetirib, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurublar.

Sərəncama əsasən, sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Şahin Mustafayev sədrin müavini təyin olunub. Komissiyanın tərkibinə 11 üzv daxildir.

Dövlət Komissiyasına Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb. Həmçinin Komissiya qiymətləndirmənin nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflər təqdim etməlidir. Komissiya aidiyyəti dövlət orqanları ilə birlikdə dəymiş ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasını yaratmalı, görülmüş işlər barədə ictimaiyyəti mütəmadi məlumatlandırmalıdır.

Xəbər lenti