Dövlət qurumu Xədicənin görüntüləri ilə bağlı işə başladı

GÜNDƏM
12:30
6 Noyabr 2020
349

Ermənistanın oktyabrın 17-də Gəncə şəhərini bombalaması nəticəsində atasını, anasını və yaş yarımlıq bacısını itirən 3 yaşlı Xədicə Şahnəzərova ilə bağlı dünəndən sosial şəbəkələrdə video yayılıb. Bu görüntülər haqlı olaraq cəmiyyətdə narahatlığa səbəb olub.

Sabah.az xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, noyabrın 3-də Dövlət Komitəsinin nümayəndələri vəziyyəti araşdırmaq məqsədilə ailəyə səfər ediblər.

3 yaşlı Ş.Xədicə Samux rayonu Seyyidlər kəndində ana nənəsinin himayəsindədir, yaşadığı ev uyğun şəraitlidir və psixoloji vəziyyəti normal olaraq qiymətləndirilir.

Hazırda kütləvi informasiya vasitələrində yayılmış məlumatı nəzərə alaraq bildiririk ki, azyaşlı Komitə tərəfindən nəzarətə götürülüb, qiymətləndirilmə aparılaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağın ən yaxşı maraqlarına uyğun tədbirlər görüləcək.

Qeyd olunub ki, həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətə ətraflı məlumatlar təqdim ediləcək.

Xəbər lenti