DİN və Baş Prokurorluq Masallıdakı qətllə bağlı məlumat yaydı
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Masallı rayonunda baş vermiş qətillə bağlı birgə məlumat yayıb.
Sabah.az xəbər verir ki, birgə məlumatda deyilir:
"Fevralın 26-da saat 13 radələrində Masallı rayonunun Təzəkənd kənd sakinləri 1999-cu il təvəllüdlü Alimə Nəbiyeva və qardaşı 1995-ci il təvəllüdlü Miralim Nəbiyevin evdə meyitlərinin aşkar olunması, onların anası 1977-ci il təvəllüdlü Zenfira Nəbiyevanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi, hadisə yerindən bir qədər aralıda isə 1988-ci il təvəllüdlü Sərvan Ağayevin odlu silah yaraları ilə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əvvəllər məhkum olunmuş Sərvan Ağayevin yaşadığı evdən cehiz əşyalarını götürmək məqsədi ilə ora gəlmiş keçmiş həyat yoldaşı Alimə Nəbiyeva, qaynanası Zemfira Nəbiyeva və qaynı Miralim Nəbiyevə ov tüfəngindən açdığı atəşlər nəticəsində Alimə və Miralim hadisə yerində ölüb, Zenfira Nəbiyeva isə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, hadisə yerindən təxminən 2 km kənarda isə Sərvan Ağayev odlu silahdan yetirilməyə xarakterik xəsarətlərlə aşkar edilərək rаyon mərkəzi xəstəxаnаsınа çаtdırılıb.
Hadisə yerinə baxış zamanı 2 ədəd nömrələri silinmiş ov tüfəngləri, xeyli sаydа patronlar və boş gilizlər aşkar edilərək götürülüb, iş üzrə zəruri ekspertizalar təyin edilmiş, eləcə də digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və29, 120.2.7-ci ( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Daha çox