Məktəb direktoru müəllimləri şantaj edərək rüşvət yığırmış

XƏBƏR
12:35
29 Aprel 2024
78

Mənimsəmə və rüşvət alma kimi cinayətlərdə təqsirləndirilən Xocavənd rayonunun Qaradağlı kənd orta məktəbinin sabiq direktoru İngilis Tağıyevə hökm oxunub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İngilis Tağıyevin məktəbin bir neçə müəllimini şantaj edərək rüşvət aldığı, məktəb üçün ayrılan vəsaitləri ələ keçirdiyi bildirilib.

Bəlli olub ki, 2002-ci ildən 2022-ci ilədək məktəbə rəhbərlik etmiş İ.Tağıyev işə çıxmayan bir qrup müəllimin adına açılmış əməkhaqqı kartlarını özündə saxlayaraq külli miqdarda pul mənimsəyib. Bundan başqa, onun bir neçə müəllimdən hədə-qorxu yolu ilə pul tələb edərək aldığı da müəyyən edilib. 2022-ci ildə məktəb kollektivindən bir sıra müəllim İngilis Tağıyevin əməlləri barədə hüquq-mühafizə orqanlarına və Təhsil Nazirliyinə şikayət ediblər. Bundan sonra o, vəzifədən azad edilib və barəsində cinayət işi başlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda İ.Tağıyev Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3, 311.3.4 və 313-cü (Mənimsəmə (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla, hədə-qorxu tətbiq etməklə və külli miqdarda rüşvət alma, vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il müddətə vəzifə tutmaq qadağan edilməklə 5 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Həmçinin onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib.

Xəbər lenti